Əhmədov
Nizami Hüseyn oğlu 1952 - ci ildə anadan olmuşdur. 1969 - cu ildə orta məktəbi,
1974 – cü ildə isə V.İ.Lenin adına Azərbaycan
Dövlət Pedaqoji İnstitutunun( indiki ADPU )
fizika fakültəsini bitirmiş, təyinatla
Sumqayıt şəhər 35 №-li Orta Texniki Peşə məktəbinə göndərilmiş və 1989 – cu ilə
qədər həmin məktəbdə fizika müəllimi kimi fəaliyyət göstərmişdir.
15 il müəllim işlədiyi dövrdə bir sıra müsabiqələr
və yarışlarda iştirak etmiş, rəhbərlik etdiyi fizika kabineti "Fizika kabinetlərinin Respublika müsabiqəsi”ndə
I yerə, Ümumittifaq müsabiqəsində isə III yerə layiq görülmüş, Azərbaycan SSR Xalq Təhsili Nazirliyinin və SSRİ Dövlət Texniki Peşə Təhsili Komitəsinin fəxri fərmanlarını
almışdır. 1984 - cü ildə attestasiya komissiyasının qərarı ilə ona "metodist müəllim”
adı verilmişdir. Rəhbərlik etdiyi "Gənc
fizik” dərnəyinin hazırladığı eksponatlar SSRİ Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisində
nümayiş etdirilmiş və sərginin 2 bürünc və 1 gümüş medalına layiq görülmüşdür.
1985 – ci ildə hazırladığı "Özünü yoxla” cihazı ilə tələbə və gənclərin
Moskvada keçirilmiş XII Ümumdünya festivalında iştirak etdiyinə görə Ümumittifaq Lenin Kommunist Gənclər
İttifaqı Mərkəzi komitəsinin təşəkkürnaməsinə, 1985 – ci ildə Azərbaycan
SSRİ Ali Soveti Rəyasət Heyətinin "Fəxri Fərman”ına, iki dəfə (1986, 1988)
Ümumittifaq İxtiraçılar və Səmərələşdiricilər
Cəmiyyətinin "Əlaçı ixtiraçı və səmərələşdirici” döş nişanına layiq görülmüşdür.
1989 – 1993 – cü illərdə Sumqayıt şəhər
25 №-li orta məktəbdə təlim – tərbiyə işləri üzrə direktor müavini işləmiş,
1993 – cü ildən Təbiət Elmləri Təmayüllü
Gimnaziyasının direktorudur.
Azərbaycan Respublikası
Prezidentinin 19 avqust 2008 – ci il tarixli sərəncamı ilə onun rəhbərlik
etdiyi Sumqayıt şəhər TET Gimnaziya 2007 – 2008 – ci tədris ilində keçirilmiş "Ən yaxşı 50 ümumtəhsil
məktəbi” müsabiqəsinin qalibi olmuşdur.
Gimnaziyanın 5 nəfər şagirdi
Prezident təqaüdçüsüdür. Respublika Prezidenti
İlham Əliyevin sərəncamı ilə
Gimnaziyanın məzunu Dadaşov Elvinə ən yüksək bal (700 bal) topladığına
görə 2 otaqlı mənzil verilmişdir.
Əhmədov Nizami Hüseyn oğlu 2002 – ci
ildən Yeni Azərbaycan Partiyasının üzvüdür. Ailəlidir, 2 oğlu və 2 qızı var.
